Sabah ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsi keçiriləcək.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) cari ilin iyunun 23-də Bakı, Gəncə və Naxçıvan şəhərlərində 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirəcək.
Qeyd edək ki, proqram seçimində 3 mart 2013-cü il tarixində keçirilən qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrlardan 11488 nəfəri qəbul proqramını seçərək təsdiqləyib. Onlardan 10018 nəfəri Azərbaycan bölməsinin, 1470 nəfəri isə rus bölməsinin məzunlarıdır. Bakalavrların 5067 nəfərini oğlanlar, 6421 nəfərini isə qızlar təşkil edir. 6722 nəfər ali təhsil müəssisələrinin builki, 4766 nəfər əvvəlki illərin məzunlarıdır. Bakalavrlardan 10119 nəfərinin Bakı şəhərində, 267 nəfərinin Naxçıvan şəhərində, 1102 nəfərinin isə Gəncə şəhərində imtahan verəcəyi nəzərdə tutulur.
İmtahanın keçirilməsi üçün Bakı şəhərində 17, Naxçıvan şəhərində 1, Gəncə şəhərində isə 2 imtahan mərkəzi ayrılıb. İmtahanın idarə olunması üçün 81 imtahan rəhbəri, 866 nəzarətçi-müəllim ayrılıb.
İmtahan iyunun 23-də saat 13:00-da başlanacaq və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılacaq.
İkinci mərhələdə bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla (bəzi proqramlar üzrə isə yazılı imtahanla) yoxlanılır. Bakalavrın hər düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.


Dərc edilib: 11:44:01 22/06/2013