Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul elan edilir

Bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün 2013-cü il 7 avqust saat 9.00-dan 14 avqust saat 09.00-dək TQDK-nın internet saytının müvafiq səhifəsinə daxil olub, seçdiyi ixtisaslaşmaların kodlarını "Bakalavrın elektron ərizəsi"ndə qeyd edib təsdiqləməlidirlər.

Boş qalan plan yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı sayında dərc olunub.

Ərizəni təsdiq etmək üçün bakalavrlar TQDK-nın yeni virtual ödəmə kartını almalı və ixtisaslaşma seçimini təsdiq etmək üçün həmin kartın şifrindən istifadə etməlidirlər.

Dövlət hesabına magistraturada təhsil almış magistrlər dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər.

10 və 30 saylı proqramlar üzrə boş qalan yerlərin sayı və bakalavrların topladığı balların statistikası nəzərə alınaraq boş qalan yerlərin müsabiqə şərtlərində dəyişiklik edilmişdir. Bu proqramlar üzrə boş qalan yerlərin ixtisaslaşma seçimində iştirak edənlərin imtahanın ikinci mərhələsindəki nəticələrinə qoyulan minimal tələb dövlət sifarişli yerlər üçün 20, ödənişli yerlər üçün isə 15 bala endirilmiş, ümumi balına qoyulan tələblər dəyişməmişdir.

Elektron ərizəyə bu linkdən istifadə etməklə daxil olmaq mamkündür.


Dərc edilib: 15:27:10 06/08/2013