Ali Təhsil Müəssisələrinin Magistratura Səviyyəsinə ərizə qəbulu başlanır

Qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. Birinci mərhələdə bakalavrların ümumi intellekt səviyyəsi (məntiqi təfəkkürü), informatika fənnini və xarici dili bilmə səviyyəsi, ikinci mərhələdə isə seçdikləri qəbul proqramı əsasında onların ixtisas üzrə bilikləri yoxlanılır.
Hər iki mərhələdə bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.
İmtahanın birinci mərhələsi 2014-cü il martın 2-də keçiriləcək və bakalavrlara ümumi intellekt səviy­yəsinin (məntiqi təfəkkürun) yoxlanılması üzrə 50 (o cümlədən, açıq tipli 5), informatika üzrə 25 (o cümlədən, açıq tipli 5) və xarici dil üzrə 25 (o cümlədən, açıq tipli 5) test tapşırığı təqdim olunacaq.
Birinci mərhələdəki nəticələri TQDK tərəfindən qoyulmuş minimal tələbləri ödəyən bakalavrlar proqram seçiminə buraxılırlar. Həmin bakalavrlar “Magistr” jurnalının 2014-cü il 4-cü sayında dərc ediləcək elanda göstərilən müddət ərzində elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər (“İxtisas­laş­ma seçimi cədvəli” və qəbul proqramları “Magistr” jurnalının 2014-cü il tarixli 3-cü sayında veriləcəkdir.

Bakalavrlar TQDK-nın mü­va­fiq internet səhifəsi­nə (eservices.tqdk.gov.az/erizemag) daxil olaraq şəxsiyyət vəsiqəsindən (seriyasından, nömrəsindən və PİN kodundan) və TQDK-nın virtual ödəmə kartındakı iş nömrəsi və şifrdən istifadə etməklə oradakı "Bakalavrın elektron ərizəsi" formasını doldurur və özləri təsdiq edir. Virtual ödəmə kartını internet ödəmə və ya bütün mobil operatorlardan 7725 nömrəsinə boş SMS göndərməklə əldə etmək olar (ətraflı məlumat eservices.tqdk.gov.az/erizemag səhifəsindəki aktual keçid­lərdə verilmişdir).


Dərc edilib: 16:07:01 10/02/2014