Magistraturaya qəbul imtahanlarının birinci mərhələsininbaşlanmasına bir neçə saat qaldı

İmtahanda iştirak etmək üçün 24560 (ötən il 21623) bakalavr ərizə təqdim etmişdir. Onlardan 21874 nəfəri Azərbaycan bölməsi, 2686 nəfəri rus bölməsi üzrə imtahan verəcəkdir. Ərizə verənlərin 11553 nəfəri oğlan, 13007 nəfəri isə qızlardır. Bakalavrlardan 12540 nəfəri cari ilin məzunları, 12020 nəfəri isə əvvəlki illərin məzunlarıdır. 73 nəfər xarici ölkə vətəndaşıdır. İmtahanda iştirak edəcək ən yaşlı bakalavr 1961-ci il təvəllüdlü, ən gənc isə 1995-ci il təvəllüdlüdür.
Qəbul imtahanı Bakı şəhərində 30, Naxçıvan şəhərində 2, Gəncə şəhərində 4, Mingəçevir şəhərində 1, Şəki şəhərində 1, Lənkəran şəhərində 1 binada təşkil olunacaq. Bakıda 19666, Naxçıvanda 688, Gəncədə 2366, Mingəçevirdə 618, Şəkidə 609, Lənkəranda isə 613 bakalavrın imtahan verəcəyi gözlənilir.
İmtahanın idarə olunmasına 171 imtahan rəhbəri, 1856 nəzarətçi-müəllim cəlb olunacaqdır.
Bütün bölgələrdə qəbul imtahanının gedişini TQDK-da akkreditasiyadan keçmiş 50-dən çox KİV nümayəndəsi müşahidə edəcəkdir.
İmtahan bütün binalarda eyni vaxtda - saat 13:00-da başlanır və sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.
Bakalavrlara ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkür) yoxlanılması üzrə 50, xarici dil üzrə 25 və informatika fənni üzrə 25 test tapşırığı təqdim olunur.

Mənbə: tqdk.gov.az


Dərc edilib: 10:06:56 02/03/2014