Magistraturaya proqram seçiminin vaxtı bəlli oldu

TQDK-nın yayımladığı qəbul elanına əsasən, ali təhsil müəssisələrinin magistraturalarına 3 mart 2013-cü il tarixində keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrlar imtahanın ikinci mərhələsinə buraxılır və proqram seçimində iştirak edirlər.
Bunun üçün bakalavrlar 2013-cü il iyunun 3-dən 11-dək olan müddətdə öz elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər (həmin proqramlar “Magistr” jurnalının 2013-cü il 3-cü sayında dərc olunub).
Proqram seçib təsdiq etmiş bakalavrlar 2013-cü il iyunun 19-dan 22-dək öz elektron ərizələrinə daxil olaraq ikinci mərhələ üçün "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni çap edib götürməlidirlər.
Qəbul imtahanının ikinci mərhələsi 2013-cü il iyunun 23-də Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçirilir.


Dərc edilib: 10:35:29 01/06/2013